SON XƏBƏRLƏR

“Qızıl Dərviş” mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının mərhum baş rejissoru Oruc Qurbanovun qızı Miranda Qurbanova Mədəniyyət Nazirliyini ittiham edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində Qaynarinfo.az-a istinadən verir.

“Oruc Qurbanovun yaradıcılığı teatrdan ibarətdir. Saysız-hesabsız tamaşaya quruluş verib. Tamaşaları anşlaqla keçib, belə bir rejissorun ölümü ilə Mədəniyyət Nazirliyi maraqlanmadı. O boyda nazirlikdən bir nümayəndə belə atamın ölümü ilə bağlı başsağlığı verməyib. Eləcə də teatrlardan, aktyorlardan onun yas mərasiminə gələn olmadı”.

Həmçinin Miranda Qurbanova deyib ki, atası imkan olmadığından müalicə ala bilməyib: “Son saatlarına kimi teatr, səhnə dedi. Evdə xəstə döşəyində tamaşanın məşqlərini aparırdı. Deyirdi bura mənim üçün səhnədir, siz də  aktyorlar. Biz onu yataqda saxlaya bilmirdik. Deyirdi “mənim paltarımı verin, teatra gedirəm”. Belə bir adama heç kəs qiymət vermədi. Sentyabrdan xəstə idi. Maddi durumumuz yaxşı deyildi, pul olmadığından nə müalicəyə gedə, nə də həkimin yazdığı dərmanları ala bildi. Bizi bir adama ağız açmağa qoymadı. İndi biz pul tapa bilmirik ki, belə bir rejissora 40 mərasimi verək, başdaşı qoyaq”.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov dekabrın 23-də 73 yaşında vəfat edib.