SON XƏBƏRLƏR

Bu gün, 15 mart Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissə rəhbəri Ağaddin Babayevin doğum günüdür.

Ağaddin Babayev 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd tam orta məktəbini bitirib. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. 1979-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsinin axşam şöbəsinə daxil olub və 1985-ci ildə bitirib.

1986-cı ildən Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri kimi əmək fəaliyyətini davam etdirir.

Üç yaradıcılıq təşkilatının – Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü olan A.Babayev 50 ildən çoxdur ki, bədii yaradıcılıqla məşğuldur. Hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif mətbuat orqanlarında dərc olunub.

Qələmə aldığı “Kaloğlanın sərgüzəştləri”, “Sehrli sandıq”, “Üç qardaş”, “Comərdin hünəri”, “Yeni il möcüzəsi”, “Ağlama, qərənfil, ağlama” pyesləri, tərcümə etdiyi G.Xuqayevin “Andro və Sandro”, V.Qubaryevin “Sehrli yaylıq”, L.Korsunskinin “Kələkbaz”, Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!” əsərləri Lənkəran və Mingəçevir dövlət dram teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

Ağaddin Babayev iki kitab müəllifidir. Bir sıra yazı müsabiqələrinin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yazı müsabiqəsinin qalibi kimi diplomlarla təltif olunub.