SON XƏBƏRLƏR

Bu gün, 21 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Etiram Həsən oğlu Hüseynlinin şəhadətə ucaldığı gündür.

Etiram Hüseynli 17 aprel 1977-ci ildə Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) ali təhsil alıb. 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb.

Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etiram Hüseynli 21 oktyabr Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli idi. Bir oğlu yadigar qalıb.