SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Lənkəran şəhərində vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində quruma istinadən verir.

Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri, əsasən, regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı Agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb.