Lənkəran rayonu Mamusta kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 mart tarixində Space TV-yə istinadən verir.
Kənd məktəbi şəhid Məmməd Fərzullayevin adını daşıyır. 1986-cı ildə tikilib istifadəyə verilən məktəb 600 şagird üçün nəzərdə tutulsa da, hazırda məktəbdə 633 şagird təhsil alır. Təhsil ocağında istilik sistemi olmadığından odun sobalarından istifadə olunur. Bu isə otaqların isinməsi üçün bəs etmir.
Məktəbin direktoru bildirib ki, 2 korpusdan ibarət olan məktəbdə 35 sinifdən 29-u fəaliyyət göstərir: “Sinif otaqlarının pəncərə-qapılarının bərbad vəziyyətdə olması dərsin keyfiyyətinə mənfi təsir göstərir”.
Məktəbə Təhsil Nazirliyindən baxış keçirilib. “Yaxın zamanlarda məktəbdə əsaslı təmir və bərkitmə işlərinin aparılacağı gözlənilir”- deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, hazırda şagirdlərin təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.