Bu gün, 14 oktyabr tarixində lənkəranlı şəhid Sənan Nizami oğlu Ağazadənin və astaralı şəhid Tərlan Mehman oğlu Quliyevin anım günləridir. Bu haqda məlumat Cenublu.az-a daxil olub.
Sənan Nizami oğlu Ağazadə Lənkəran rayonu Göyşaban kəndində dəfn olunub. Anım günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, axund Hacı Sədi və digərləri şəhidimizin məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar.
O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət nümayiş etdirərək, düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tərlan Mehman oğlu Quliyev 26 yanvar 2000-ci ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhid olub. Ölümündən sonra o, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.