SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Yalçın Həsənov sərxoş halda idarə etdiyi “VAZ 2121” markalı avtomobillə idarəetməni itirərək yoldan çıxıb və qaz xəttinə çırpılıb. Bu haqda məlumatı bu gün, 4 yanvar tarixində Report verib.

Belə ki, hadisə axşam saatlarında rayonun Sütəmurdov kənd ərazisində baş verib. Qəza nəticəsində təqribi 80 yaşayış evini təbii qazla təmin edən qaz xətti sıradan çıxıb. Qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb.

Müvafiq tibbi müayinə keçirildikdən sonra Y.Həsənovun sərxoş halda avtomobili idarə etdiyi məlum olunub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etmiş və dövlət yol polisi əməkdaşları tərəfindən onun barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.