SON XƏBƏRLƏR

Lənkəranda “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın başlaması ilə bağlı tədbir keçirilib. Bu haqda məlumatı bu gün, 1 dekabr tarixində Azertac verib.

Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin, BMT-nin İnkişaf Proqramının və Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

“Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” layihəsinin qrup rəhbəri Vin Deyvis layihə barədə təqdimatla çıxış edib. O, qeyd edib ki, layihənin əsas məqsədi regional ərazi planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə-tərəvəz sektorunda müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasıdır. Ümumi dəyəri 5 milyon avrodan çox olan layihənin icra müddəti 38 aydır.

Tədbirdə, həmçinin layihə çərçivəsində “Sanitar və fitosanitar (SFS) tədbirlərin gücləndirilməsi” tvinninq, “Lənkəran rayonunda meyvə-tərəvəz sektorunda rəqabət, əməkdaşlıq və modernizasiyanın təşviqi” qrant layihələrinin təqdimatları da keçirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aİ Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tədbir çərçivəsində Lənkəran Dövlət Universitetinin tələbələri ilə də görüşüb, Avropa İttifaqının ölkəmizdə həyata keçirdiyi layihələr və onların əhəmiyyəti barədə məlumat verib.