SON XƏBƏRLƏR

Lənkəranda polisin keçirdiyi əməliyyat zamanı evləri qarət edən şəxslər saxlanılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Report.az xəbər verir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Səmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o Şilavar kənd ərazisində 2 evdən 4765 manat dəyərində məişət əşyaları oğurlayıb. Həmçinin, onun üzərində keçirilən axtarış zamanı narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatın davamında rayon sakinləri Fəxrəddin Ağayev və Elnur Kərimov saxlanılıblar. Onlar yaşayış evinin həyətindən yük avtomobilinə məxsus sürətlər qutusunu oğurlayıblar.

Elnur Kərimovun 6 yaşayış evinin həyətindən və 1 mağazadan ümumilikdə 2782 manat dəyəri olan məişət əşyaları oğurladığı məlum olub. Onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.