Hirkan meşələrinin ətrafında yerləşən Xanbulan gölünün səviyyəsi əvvəlki illərə nisbətən xeyli azalıb. Bu haqda məlumatı Apa TV verir.
“Hamıya məlumdur ki, 2021-ci il çox quraqlıq keçdi. Bu da Xanbulan gölünün suyunun səviyyəsinin azalmasına səbəb oldu. Lənkərandada yağıntı miqdarıda çox az olduğundan, göldən böyük miqdarda su istifadə edildi. Keçən il 26 milyon kubmetr su ehtiyatımız var idi, bu il isə cəmi 14 milyon kubmetr. Özü də ki, çəltikçilik sahəsinin suvarılmasında fasilə etmək mümkün deyil. Sahəyə gündəlik su gedir, sərfiyyatı çoxdur” – Yuxarı Xanbulançay Hidroqovşağı istismar idarəsinin sahə rəisi Sabir Bayramov deyir.
Xanbulan Lənkəranda təxminən 9600, Astarada isə 2000 hektara yaxın torpaq sahəsinin suvarılması üçün istifadə olunan üç əsas mənbədən biridir. Xanbulançay su anbarı vasitəsilə Lənkəranla yanaşı Astaradada içməli su təminatının müəyyən hissəsi ödənilir.
Qeyd edək ki, Xanbulançay su anbarının ümumi tutumu 52 milyon kubmetrdır.