SON XƏBƏRLƏR

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Lənkəranda sakinlərin müraciətlərini dinləyib. Bu haqda məlumat bu gün, 30 mart tarixində Daxili İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.

Nazir səfərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra o, Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının 71 sakinini qəbul edib. Vilayət Eyvazov sakinlərin polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

Daha sonra nazir DİN-in Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsində də olub. Orada polis əməkdaşlarının və hərbi qulluqçuların peşə və döyüş hazırlığını yüksək qiymətləndirən nazir öz tapşırıq və tövsiyələrini verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

Sıra baxışı zamanı xidmətə qəbulun şərtlərinə uyğun gələn 46 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 10-u  Vətən müharibəsi iştirakçısı, 6-sı isə şəhid ailələrinin üzvləri olublar.