SON XƏBƏRLƏR

Lənkəran rayon prokurorluğunda “Ultra-LTD” MMC şirkətinə cinayət işi açılıb. Bu haqda məlumatı bu gün, 18 noyabr tarixində Azərbaycan Respublikasının Baş prokurorluğu verib.

Belə ki, şirkət rəhbərliyi 8 may – 20 dekabr 2017-ci il tarixlərində xarici ölkələrdə qeydiyyatda olan şirkətlərə 13 gömrük bəyannaməsi əsasında saflaşdırılmış qurğuşun məhsulları ixrac edib. Lakin dövlətə məcburi qaydada köçürülməli olan 635 min ABŞ dolları məbləğində xarici valyuta vəsaitini xaricdən qaytarmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 208.2.1-ci (təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.