SON XƏBƏRLƏR

Lənkəranda qətl törətməkdə təqsirli bilinən Elvin Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda məlumatı bu gün, 17 noyabr tarixində Report verib.

İş, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, cari ilin 27 iyulunda Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, İlham Cavadov taksi sürücüsü kimi fəaliyyət göstərən E.Hüseynzadənin avtomobilinə sərnişin qismində minib. Daha sonra aralarında yaranmış mübahisə zamanı E.Hüseynzadə bıçaqla İ.Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.