SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında yazıçı Qafar Cəfərli və şair-publisist Xatirə Xatunun 2-ci Qarabağ şəhidlərinə həsr etdikləri “Payızın 44 anı” kitabının təqdimatını keçirilib. Bu haqda məlumat Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran şəhər İcra Hakimiyyəti və AYB Lənkəran Bölməsinin təşkil etdiyi tədbirdə şəhidlərimizin ailələri, İcra başçısı Taleh Qaraşov, teatrın direktoru Tofiq Heydərov, müəlliflər və digər qonaqlar iştirak ediblər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onların ailə üzvlərinə kitab paylanılıb.

Kitabın müəllifləri –  AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli və şair-publisist Xatirə Xatun öz çıxışlarında kitabın hazırlanması prosesindəki fəaliyyətlərindən, şəhid ailələri ilə görüşlərin təəssüratından söz açıblar, bu işdə zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlar Qarabağ müharibəsi qaziləri haqqında da kitab yazmağı planlaşdırdıqlarını söyləyiblər.

Müəlliflərə və bayram tədbirlərinin təşkilatçılarına İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilib. Təqdimat bitdikdən sonra Lənkəran Dövlət Dram Teatrının hazırladığı Zəfər gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.