Bu gün, 20 noyabr tarixində lənkəranlı şəhid Ülfət Qabil oğlu Babazadənin ildönümüdür. Bu haqda məlumatı Cenublu.az verir.
İgid qəhrəmanımız 28 fevral 2000-ci ildə Lənkəran rayonunun Daştük kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra, 2019-cu ildə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. O, Cəlilabadda Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmətdə olub.
Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. O, 8 noyabr – müharibənin son günündə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi 20 noyabr tarixində doğulub böyüdüyü Daştük kəndində torpağa tapşırılıb.
Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.