Bu gün, 6 noyabr tarixində şəhidlərimiz Taleh İsmayılov, Şəhriyar Həbibi, Röyal İbrahimov, Əbülhəsən Həsənzadə və Emil Qurbanovun ildönümüdür. Bu haqda məlumatı Cenublu.az verir.
İldönümü ilə bağlı şəhidlərimizin adına ehsan verilib, məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.
Şəhid Taleh İsmayılov 26 noyabr 1986-cı ildə Boladı kəndində anadan olub. 2016-cı ildə Aprel döyüşlərində iştirak dib. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ailəli idi. 3 övladı yadigar qaldı.
Şəhid Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Osaküçə kəndində doğulub. Aprel döyüşlərinin iştirakçısı olub. Qubadlı döyüşlərində həlak olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Röyal İbrahimov 19 fevral 2002-ci ildə Vel kəndində anadan olub. Vətən müharibəsində 2 noyabr tarixində həlak olub, 6 noyabr doğma kəndində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid Əbülhəsən Həsənzadə 20 avqust 1997-ci ildə Havzava kəndində anadan olub. Daşaltı istiqamətində gedən döyüşlərdə həlak olub. Ölümündən sonra “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid Emil Qurbanov 25 avqust 1980-ci ildə Lənkəran şəhərində anadan olub. 2012-ci ildən 7 nömrəli məktəbdə gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləyib. Vətən müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.