SON XƏBƏRLƏR

Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayonun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovaya hökm oxunub. Bu haqda məlumatı bu gün, 8 fevral tarixində Report.az verib.

Belə ki, Z.Əhmədova 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

İttiham aktına əsasən, Z.Əhmədova işlədiyi müddət ərzində tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi və digər qanunsuz yollar ilə dövlət büdcəsindən ayrılan 3 min 849 manat məbləğində pul vəsaitini mənimsəyib.

O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul üçün müraciət edən şəxsdən 500 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb.

Z.Əhmədova Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə ittiham olunub.