SON XƏBƏRLƏR

Lənkəran rayonu M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində şəhid  baş leytenant Vüsal Kamran oğlu Kazımovun ildönümü ilə bağlı tədbir keçirilib. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.

Tədbirdə şəhidin atası professor Kamran Kazımov, döyüşçü dostu Laiq Mirzəyev, kənd bələdiyyə sədri Raifə Məmmədova və məktəbin müəllim və şagird kollektivi iştirak edib. Şəhidimizin həyatından, döyüş yolundan, vətənpərvərliyindən danışılıb.

Şəhid Vüsal Kazımov 17 dekabr 1990-cı ildə Lənkəran rayonu Nüvədi kəndində dünyaya göz açıb. 2016-2017-ci illərdə Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib. Daha sonra, LDU-in “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alıb və bərabər olaraq Lənkəran şəhər Gənclər və İdman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb. Ailələli idi, iki övladı var idi.

Baş leytenant Kazımov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.