SON XƏBƏRLƏR

Lənkəran şəhəri Vağzal küçəsində yaşayan şəhidimiz Orxan Elxan oğlu Quluzadənin şərəfinə xatirə lövhəsi ucaldılıb. Bu haqda məlumatı bu gün, 25 dekabr tarixində Cenublu.az verir.

Qəhrəmanımız 29 iyun 1994-cü ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü lisey-məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. O, kəşfiyyat bölüyünün manqa-komandiri vəzifəsində, kiçik çavuş rütbəsində xidmət edib. Hələ uşaq olarkən Orxanın idmana böyük həvəsi olub. O, Lənkəran şəhərində qaydasız döyüş idman növü ilə məşğul olub.

2017-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidməti komandanına ərizə ilə müraciət edib və onu Yevlax şəhərində “N” saylı hərbi hissəyə xidmət etmək üçün göndəriblər. Xidmət zamanı fərqləndiyinə görə qısa bir zamanda ona kiçik gizir rütbəsi verilib və o, kəşfiyyatçı-snayperçi vəzifəsində xidmət edib.

Vətən müharibəsi zamanı Xocavənd rayonunun yaşayış məntəqələrinin və Zəngilan şəhərinin azad olunması əməliyyatlarında fəal iştirak edib.

Böyük zəfərə 1 gün qalmış – noyabrın 8-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyi düşməndən azad edilərkən, Orxan qəhrəmancasına şəhid olub. Ailəli idi, 2 yaşlı körpəsi vətənə əmanət qalıb.

Ölümündən sonra o, “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.