SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin prorektoru olmuş şəxs külli miqdarda dələduzluqda ittiham olunur. Bu haqda məlumat bu gün, 29 dekabr tarixində Qafqazinfo.az-da paylaşılıb.

Vaxtilə LDU-da ümumi işlər üzrə prorektor vəzifəsində çalışan Bahadır Qocayev külli miqdarda dələduzluqda təqsirli bilinərək həbs edilib. O, DTX adından istifadə edərək 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir.

Həmçinin qeyd olunur ki, B. Qocayev vəzifədə olduğu vaxt, vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.

Onun haqda toplanan sübutlar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumatda bildirilir ki, Bahadır Qocayev Milli Təhlükəsizlik Nazirliyinin Qusar, Kürdəmir rayon şöbəsinin keçmiş rəisi vəzifəsində çalışmışdır. MTN naziri Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra Bahadır Qocayev təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə o, LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.