SON XƏBƏRLƏR

Bu gün, 11 noyabr tarixində şəhidlərimiz Murad Hüseynzadə və Kamran Vəlizadənin şəhadətlərindən 1 il ötür. Bu haqda məlumatı Cenublu.az verir.

Şəhidimiz Murad Hüseynzadə 8 yanvar 1998-ci ildə Lənkəran rayonu Şağlaser kəndində dünyaya göz açıb. Orta təhsili kənd məktəbində alıb. Həqiqi hərbi xidməti bitirdikdən sonra Lənkəran Narkoloji Xəstəxanasında işləməyə başlayıb. Aprel döyüşlərinin iştirakçısı olan qəhrəmanımız Vətən müharibəsinə könüllü olaraq yazılır. 21 oktyabr Qubadlının Muradxanlı kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanır, lakin döyüşə davam edir. 31 oktyabr tarixində Laçın koridoru istiqamətində gedən döyüşdə igidlik göstərərək şəhid olur. Nəşi neytral zonada qaldığından, yalnız 11 noyabr ailəsinə təhvil verilir və boya-başa çatdığı Şağlaser kəndinə torpağa tapşırılır. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Lənkəran şəhəri Tarix-Diyarşünaslıq muzeyində şəhid Murad Hüseynzadənin adına guşə açılıb.

Kamran Vəlizadə 14 sentyabr 1996-cı ildə Lənkəran rayonu Balıqçılar qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsini bitirib, Bakı İstilik Elektrik Mərkəzində işləyib. Vətən müharibəsinə könüllü yazılıb, Qubadlı uğrunda gedən döyüşlərdə 21 oktyabr tarixində hər iki ayağından yaralanıb. 23 oktyabrda çoxlu qan itirərək vəfat edib. 11 noyabr doğma Balıqçılar qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.