Bu gün, 20 noyabr lənkəranlı şəhid Fariz Fərhad oğlu Zülfüqarzadənin doğum günüdür. Bu haqda məlumatı Cenublu.az verir.
Qəhrəman şəhidimiz 20 noyabr 1992-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və yalnız 10 ildən sonra Lənkərana qayıdıb. Təhsilini şəhər 4 saylı orta məktəbin rus bölməsində davam etdirib.
2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) üçün yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.
Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edib. Müharibə zamanı tankı 2 dəfə vurulur və özü 2 dəfə yaralanır, lakin döyüş meydanını tərk etmir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınir və 19 oktyabr vurulan tankın yaralı heyatini xilas edən zaman şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.