100-dən çox kitabın müəllifi olan lerikli yazarımız Əlisa Nicatın evində istilik sistemi belə yoxdur. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az İnsanoid-ə istinadən xəbər verir.
Məsələ ilə bağlı “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Facebook səhifəsində paylaşım edib: “Əlisa Nicata ustalarla birlikdə baş çəkdim. Evə istilik sistemi lazımdır. Bu məqsədlə kombi və radiatorlar alınmalıdır. Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir. Bu gün ustalar lazımi avadanlıqları alacaqlar və sabahdan işə başlayacaqlar. Yardım etmək istəyən Əlisa Nicatın kartına pul keçirə bilər”, – deyə o, bildirib.
Həmin gün şair Mikayıl Bozalqanlı Facebook hesabında bildirib ki, Əlisa Nicatın mənzili istilik sistemi ilə təmin edilib. Onun sözlərinə görə, problem Bakı Alman Dili Mərkəzinin maliyyə yardımı ilə aradan qaldırılıb, hər ay üçün 70 manat əvvəlcədən ödənilib.
Sosial şəbəkələrdə ictimai qınağa tuş gələn Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məsələyə fikir bildirib: “İndiyədək Əlisa Nicat birlikdən Prezident təqaüdü almayıb. Özü də müraciət edə bilərdi, amma etmədi. Lakin maddi vəziyyəti nəzərə alınaraq onun adı hallanacaq və gələn il Prezident təqaüdünü ala biləcək”.
Çingiz Abdullayev isə bildirib: “Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət edirsə, kömək etməyə çalışırıq. Ümumiyyətlə, pul işlərinə baxmırıq. Azərbaycan Yazıçılar Birliyinin özünün təqaüdü bir-iki aylıq olur, amma biz Əlisa Nicata 1 illik məbləğ vermək istəyirik. Qərar qəbul olunub. Kömək edəcəyik. Yoxlaya bilərsiniz”.
86 yaşlı yazıçımız illər boyu kitablar yazaraq bizim könlümüzü isti tutub. Bəs görəsən yazarımıza lazımi qayğı göstəriləcək mi?