Bu gün lənkəranlı şəhidlərimiz Eşqin Cəfərzadə, Zabil İbadzadə və Raqim Hadıyevin ölümündən 1 il ötür. Bu haqda məlumat Cenublu.az-a daxil olub.
Eşqin Cəfərzadə 20 aprel 1997-ci ildə Lənkəranın Darquba kəndində dünyaya göz açıb. Kənd tam orta məktəbdə 9 illik təhsil alıb. Daha sonra Peşə liseyində çilingər təhsili alıb. Həqiqi hərbi xidmətini Gəncədə, daha sonra Daşkəsəndə keçib. Burada manqa komandiri təyin olunub. Aprel döyüşlərində Lələtəpə və Talış kəndi uğrunda manqa komandiri və top atıcısı kimi iştirak edib. Vətən müharibəsi zamanı Hadrut, Suqovuşan, Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı döyüşlərində atıcı kimi iştirak edib. Qubadlı döyüşlərində şəhid olub, noyabrın 5-də Şiləvar kənd qəbristanlığında dəfn olunub.
Zabil Fikrət oğlu İbadzadə 27 dekabr 1996-cı ildə Lənkəranın Gəgiran kəndində anadan olub. 2015-2016-cı illərdə Qazax rayonunda həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 5 noyabr Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Raqim Teymur oğlu Hadıyev 19 mart 1999-cu ildə Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsili kənd orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. 5 noyabr Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.