SON XƏBƏRLƏR

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşlarla görüşüb. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.

İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan sakinləri qəbul edib. 50-yə yaxın müraciətçinin iştirak etdiyi görüşdə onların ərizə və şikayətlərinə baxılıb.

Daha sonra nazir İnam Kərimov Masallı Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.