Cəlilabad rayon sakini əlbir olduğu şəxslə Bakıda kafe sahibinin oğlunu stula bağlayaraq atasından 200.000 manat pul tələb edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində sahibinin başına dəmir parçası ilə xəsarət yetirdikdən sonra azyaşlı oğlunu zirzəmidə stula bağlayıb bıçaqla hədələyərək atasından 200.000 manat tələb edib, daha sonra 20.000 manata razılaşan şəxslər müəyyən olunublar.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.