SON XƏBƏRLƏR

Masallıda bir neçə gün əvvəl özünü yaşadığı binadan ataraq intihar edən 18 yaşlı Rüqayə Hüseynovanın anası Sevinc Cabbarova qızının ölümü haqda danışıb. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Big.az-a istinadən xəbər verir.

“Mənim qızım günahsız bir mələk idi. Torpağa tapşırılmamış xəbər saytları onun haqqında yalan məlumatlar yazdılar. Qızımın 5 aylıq hamilə olduğu barədə şayiələr yaydılar. Biz məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləyirik. Qızım gül kimi bala idi. Sadəcə bir şərəfsizin onu aldatması bunlara səbəb oldu. O, qızımın ağlına girdi. Üç uşaq atası, narkomanın biri qızımı aldatdı”.

Ana öz açıqlamasında bildirib ki, qızının hamilə olması həqiqətə uyğun deyil:

“Həmin adamla telefonda danışıblar. Oğlan qızımın arxasınca düşüb, onu sevdiyini deyərək qəlbinə girib. Amma aralarında heç nə olmayıb. Bunu ekspertiza rəyi də təsdiq edəcək. Uşağım pak olub. Axşam saat 12-dən səhər saat 5-ə kimi övladım ekspertizada qalıb. Dırnağına qədər uşağım ekspertizadan keçirilib. Tər-təmiz məsum bir bala idi. Onun haqqında belə bir şayiənin yayılması düzgün deyil!”

“Qızım məktub yazıb qoymuşdu. Hadisə gözümüzün qabağında olub. Oğlan da həmin vaxt orada idi. Qız məktub qoyub, gedib intihar etməyə. Oğlana da zəng edib ki, intihar edirəm. Oğlan da onu tapıb və evə gətirib. Həmin an o şəxs qızımı döymüşdü. Evə gələn kimi oğlanın yanında birbaşa balkona keçib özünü yerə atdı”.

Sevinc Cabbarova bildirib ki, həmin şəxsin adı Cəsarətdir və o artıq həbs edilib. Onun evli olması haqda Rüqayənin xəbəri olmayıb. Daha sonra ana araşdırdıqdan sonra qızına bildirib.

“Bundan sonra qızımla arasında mübahisə yaranıb və qızıma şərt qoyub ki, “məni istəyirsənsə, bunu sübut elə, özünü öldür”. Balam da ölümü seçdi. Əvvəlcə özünü suya atmaq istəyib. Lakin oğlan onu oradan götürüb və qızı evimizə gətirib.”, – son olaraq ana qeyd edib.