SON XƏBƏRLƏR

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Lənkəranda səfərdə olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.

Səfər proqramı çərçivəsində o, öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından danışan icra başçısı ikitərəfli qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. T.Qaraşov xarici diplomatla rayonun İndoneziya ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb. İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhərinin Lənkəranla qardaşlaşması barədə məsələyə toxunan icra başçısı bildirib ki, şəhərlərimizin qardaşlaşması gələcəkdə ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. T.Qaraşov rəsmi qonağa rayonun iqtisadiyyat, turizm potensialı barədə məlumat verib.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid ölkələrinin Lənkəranla qarşılıqlı iqtisadi və mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib və əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımların atılmasının mümkünlüyü barədə danışıb.

Daha sonra səfir Lənkəran rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları ilə görüş keçirib. Görüşdə istehsal məhsullarının qarşılıqlı alış-satışı barədə fikir mübadiləsi aparılıb, mövcud imkanlar müzakirə edilib.