Masallıda İltifat Məmmədovun xatirəsinə və 80 illik yubileyinə həsr olunan filmin və kitabın təqdimat mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində verir.
Tədbir “Masallı Gənclər Evi” Sosial Xidmət müəssisəsində baş tutub. “Masallı ziyalıları” İB-nin sədri Qardaş Fətullayev Masallı rayonunda yüksək vəzifələrdə çalışan mərhum İltifat Məmmədov haqqında qonaqlara geniş məlumat verib. Sonra İltifat Məmmədovun ictimai-siyasi fəaliyyətindən, mənalı həyat yolundan və yaradıcılığından bəhs edən “Ləyaqət işığında” sənədli filminin nümayişi olub.
Təqdimatdan sonra yazıçı-publisist Nurəddin Ədiloğlunun İltifat Məmmədovun həyatından bəhs edən “Ölməzlik haqqı” kitabının təqdimatı keçirilib. Kitabda İltifat Məmmədovun doğmalarının, dostlarının, onu sevənlərin ürək sözləri, xatirələri toplanıb.
Qeyd edək ki, “Nur” studiyasının istehsalı olan sənədli filmin ideya müəllifi Günay Məmmədova, ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.