Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Vüsal Bayramov məhkəməyə apellyasiya üçün müraciət edib. Bu haqda bu gün, 27 aprel tarixində Cenublu.az Ölkə.az-a istinadən xəbər verir.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılır.
İş üzrə məhkəmə baxış iclası mayın 10-na təyin olunub.
Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Nizami rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-si saat 23:00 radələrində Məmmədəli Şərifli küçəsində 28 yaşlı Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 34 yaşlı Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.