Lənkəran şəhər Təhsil Şöbəsində psixoloq-metodist işləmiş Ramal Mirzəzadə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim vəzifəsində işləyən Təranə Hüseynova ilə birgə müxtəlif şəxslərə işə düzəldəcəyinə dair yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində Qaynarinfo-ya istinadən verir.
Belə ki, 2009-2019-cu illər ərzində Lənkəran şəhər Təhsil Şöbəsində psixoloq-metodist vəzifəsində çalışan 42 yaşlı Ramal Mirzəzadə 57 yaşlı Təranə Hüseynova (şərti) ilə əlbir olaraq işlədikləri dövrlərdə 20-dən çox şəxsi Xarici İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Bakıda və rayonlarda müxtəlif məktəblərə, bağçalara müəllim, direktor vəzifələrinə düzəldəcəyinə inandıraraq, hər birindən 2-50 min manat aralığında pul alıblar.
Təranə Hüseynova bu əməli törətməsinə səbəb kimi İranın neft nazirinin bacısı oğlu Muhəmməd ilə aralarında baş tutmayan bitum ticarətində düşdüyü borcu göstərib. Belə ki, həkim tanışı Zenur Həsənovla birlikdə İranla bitum məsələsində ticarət əlaqələrinin qurulmasını istəyiblər. İranın neft nazirinin bacısı oğlu Muhəmməd adlı şəxs onlara ticarət əlaqələrinin qurulmasına razılıq verib. Bunun üçün həkim Zenur Həsənovu əvvəlcə İrana göndərib. Daha sonra iranlı nazirin bacısı oğlunu Bakıya dəvət edərək, razılıq əldə etmək istəyiblər və bu iş müxtəlif səbəblərdən baş tutumayıb.
Külli miqdarda borca düşdüyünü deyən Təranə Hüseynova insanları işə düzəltmək adı ilə pul qazanmaq fikrinə düşdüyünü bildirib. Bu işdə ona Ramal Mirzəzadə də dəstək olub.
Məhkəmənin qərarı ilə Təranə Hüseynova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalında həbs edilib. Onun barəsində son olaraq 2 il 5 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Həkimin cəza müddəti 2023-cü il 20 aprel tarixindən hesablanıb.
Ramal Mirzəzadə 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəza müddəti 18 noyabr 2021-ci il tarixindən hesablanıb.