Cəlilabad rayonunun V.Hüseynov adına Göytəpə şəhər 2 nömrəli tam orta məktəbinin binası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, məktəbdə istilik sistemi, demək olar ki, yox vəziyyətindədir: “Məktəbin sinif otaqlarındakı taxta döşəmə çoxdan çürüyüb. Yağış suları sinif otaqlarına dolur. Elə vəziyyət yaranıb ki, təmir işlərini aparmaq da qeyri-mümkündür. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu problemin həllinə kömək etsinlər”, – deyə valideynlər bildiriblər.
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Sektorundan bildirilib ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub.
“Sözügedən məktəbdə hazırda 642 şagird təhsil alır. Bu məktəb binası 50 ildən çoxdur ki, istismardadır. Növbəti illərdə məktəb üçün yeni binanın tikintisi gözlənilir”, – deyə qurumdan bildirilib.