SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı günü” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbirdə FHN-in dəvəti ilə Azərbaycanda olan türkiyəli psixoloqlar uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.