Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Masallının təhsil ocağında maarifləndirici tədbir keçiriblər. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Təlim FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən icra edilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdən biri Masallı rayon Musakücə kənd tam orta məktəbində təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.