SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təşkilatçılığı ilə Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində “Baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qurumları və digər dövlət orqanları arasında əlaqələndirmə, idarəetmə və nəzarət işinin təşkil edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində Apa.az-a istinadən verir.

Təlim zamanı Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində yerləşən limanda balıqçı təyinatlı “U-42” gəmisində şərti yanğın hadisəsinin baş verməsi, bu zaman gəmidə olan şəxsi heyətin “köməksiz vəziyyətdə” qalması və 1 nəfərin “suya düşməsi” barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi vasitəsi ilə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin baş vermiş şərti yanğının söndürülməsi və zərərçəkmişlərin xilas edilməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhərində yerləşən yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri də hadisə yerinə cəlb olunub.

Baş vermiş şərti yanğın “söndürülüb”, 26 nəfər gəmi heyətindən 18 nəfər təxliyə edilib, təşviş nəticəsində suya düşmüş 8 nəfərdən 7 nəfəri “xilas olunub”, 1 nəfərin “cəsədi” tapılaraq “aidiyyəti üzrə təhvil verilib”.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.