Avqustun 9-da Azərbaycan Dövlət televiziyasında (AzTV) talışlar haqqında hazırlanmış sənədli film yayımlanıb. Filmdə talışların adət-ənənələri, mədəniyyəti, tarixi, folkloru, Azərbaycan tarixinə qoyduqları izdən söhbət gedir.
Həmçinin Astara Tarix – Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova talış evi haqqında geniş məlumat verib, onların gündəlik və məişət həyatları haqqında danışıb.
Daha sonra talışların milli yeməyi sayılan ləvənginin hazırlanma qaydası göstərilib.
Talışların əsas məşğuliyyəti sənətkarlıq kimi təqdim olunub. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. Sənətkarlardan birinin saxsı təndir düzəltməsi nümayiş olunub.
Talışlar arasında yun istehsalının çox olmasıyla əlaqədar xalçaçılıq, palaz və kilim, cecim toxunması sənəti də geniş yayılıb. Toxuculuq evdar qadınların əsas məşğuliyyətidir.
Subtropik iqlimə malik olan ərazidə rütubət həddindən çox olduğuna görə, talışlar xüsusi növ qamışdan həsir toxumaqla rütubətin insan sağlamlığına ziyan verməməsi üsulunu kəşf etmişdilər, deyə filmdə qeyd olunub. Həsir çantalar həmdə meyvə-tərəvəz saxlamaq üçün istifadə olunur.
Astaranın Kakalos kəndində fəaliyyət göstərən “Əvəsor” xalq kollektivi talış mədəniyyətini və folklorunu yaşadır. Filmdə onlar haqqında geniş danışılır.
Talışların Azərbaycanın ictimai-siyası həyatında fəal iştirakı, müstəqilliyimizin bərpa olunması və torpaqlarımızın uğrunda gedən döyüşlərdə şəhid vermələri, Milli qəhrəman kimi fəxri adlara layiq görmələri də filmdə qeyd olunub.