SON XƏBƏRLƏR

Azərbaycan Dövlət Akademik Dram Teatrının heyəti Lənkəranda teatrsevərlərin qarşısına çıxıb. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Azərtac.az-a istinadən xəbər verir.

Lənkəran Dövlət Dram Teatrında baş tutan tamaşa Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” birhissəli musiqili nağıl-tamaşa Əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunub.

Kiçik yaşlı uşaqlar və aşağı sinif şagirdləri rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyunu və oynaq musiqisi olan tamaşaya böyük maraqla baxıblar.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə “Heydər Əliyev İli”nə və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunub.