Lənkəran rayonunun Kosalar kəndində elektrik təsərrüfatı ilə bağlı bir sıra problemlər yaşanır. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Belə ki, mövcud problemlərdən biri kənddə transformatorun qoruyucu çəpəri olmamasıdır. Bu hal kənd sakinləri, xüsusilə də azyaşlı övladı olan valideynləri narahat edir.
Həmçinin, sakinlər iddia edirlər ki, kənddən 10 kV cərəyan nəql edən və kəndə heç bir aidiyyəti olmayan xətlər keçir. “Elektrik xətlərinin bir-birinə yaxın olması azmış kimi, kəndimizə aid olmayan xətlər də buradan keçir. Tez-tez onlar bir-birinə qarışır. Qarışmasın deyə xətlərdən daş asırlar. Amma küləkli havada bu da kömək etmir və tez-tez yanğın baş verir. Günlərlə işıqsız qalırıq, elektrik avadanlıqlarımız sıradan çıxır”, – deyə kənd sakinləri söyləyiblər.
Həmçinin, dirəklərin qəzalı vəziyyətdə olması da sakinləri narahat edən problemlərdən biridir. “Dirəklər köhnədir, çürüyüb yerə yıxılsa, bütün kənd işıqsız qalacaq. Aidiyyəti qurumlardan Kosalar kəndinin işıq sistemini yeniləmələrini və mövcud problemləri həll etməklərini xahiş edirik”, – sakinlər öz müraciətlərində bildiriblər.









