Daha öncə xəbər verdiyimiz kimi, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tutduğu vəzifədən azad olunub.
Bununla da Cənub bölgəsinin artıq 3-cü rayonunda İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsi boş qalır.
Belə ki, daha öncə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Arifqızı 9-cu sinif şagirdini döydüyünə görə barəsində Cinayət məcəlləsinin 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə o, 4 min manat məbləğində cərimələnib. Onun vəzifəsindən 10 aya yaxındır ki, azad olunmasına baxmayaraq, hələ də yerinə təyinat olmayıb.
Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova da ötən ilin sentyabr ayında öz ərizəsi ilə vəzifəsindən azad olunmasına baxmayaraq, hələ də yerinə təyinat olmayıb.
Bu gün, 17 may 2023-cü ildə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova öz ərizəsi ilə vəzifəsindən kənarlaşdırılıb.