SON XƏBƏRLƏR

Cəlilabaddan olan gənc xanım həyat yoldaşı tərəfindən dəhşətli işgəncələrə məruz qalıb. Bununla bağlı o, ARB telekanalında yayımlanan “Bizimləsən” verilişinə gəlib.

Belə ki, 24 yaşlı Günay bildirib ki, əri onu bərk döyür, hətta döyəndə başının ortasında saçını kökündən qoparıb.

Veriliş zamanı müəyyən olub ki, Günay 15 yaşında olanda onu üzünü görmədiyi, Rusiyanın Ryazan şəhərində yaşayan xalası oğluna nişanlayıblar. 4 il nişanlı qaldıqdan sonra, 19 yaşında ona Cəlilabadda bəysiz toy ediblər və qayınatası onu götürüb Ryazana aparıb.

Qız bəyi görəndə isə şok keçirib. Məlum olub ki, bəyin bir gözü görmür, digər gözü isə 12 faiz görür. Başında xəstəlik var, dərman içməsə, halı pisləşir. Üstəlik də epilepsikdir. Bir sözlə, bəy başqa bir şəxsin yardımı olmadan evdən çölə çıxa bilmir. Bir yandan da, ailənin maddi vəziyyəti deyildiyi kimi yaxşı deyil. Ryazan şəhərinin hansısa kəndində yaşayan ailənin yeganə pul qazananı qayınanadır, yəni xaladır. Oğul xəstə, ər içki düşkünü olduğundan hər ikisi işləməyə yararsızdır. Qayınana əkin sahələrində tərəvəz əkib-becərməklə ailəni dolandırır.

Günaya 1 il yaxşı baxırlar. Uşaq dünyaya gəldikdən sonra isə “bəsdir havayı yedin-içdin”,- deyib xalası Günayı da özü ilə əkinə aparır. Körpəni isə epilepsiya xəstəsi, özünün yardıma ehtiyacı olan ataya əmanət edirlər.

Uşaq 3 yaşına çatanda Günay bu işgəncələrdən qurtulmaq istəyib və dərdini qardaşına danışıb. Qardaşı dərhal bilet alıb və Günayı Azərbaycana gətirib. Lakin qayınanası uşağı ona verməyib.

İndi isə Günay “Səni axtarıram” verilişinə gələrək, övladını geri istəyir.