Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində müşavirə keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində verir.
Müşavirə meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə biznes məqsədilə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi məsələsinə həsr edilib.
Görüşdə meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələləri müzakirə edilib. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı qəti tədbirlərin görüləcəyi bildirilib.
Müşavirədə biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam alınması üçün operativ qərargahın yaradılması və ağac kəsimi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək barələrində cinayət işinin başladılması barədə qərar qəbul edilib.