SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Ağdaş kəndinin meşəlik zonasında raket zərbəsinə davamlı tikili var. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 yanvar tarixində Baku TV-yə istinadən verir.

Tarix müəllimi İslam Vəliyev: “Burada Sovet vaxtı hərbi obyekt tikilmişdi. 60-cı illərdə burada telestudiya adı ilə “vışka” tikildi. Amma əslində o Moskva ilə olan rabitənin “vışkası” idi”.

Yeraltı tikili demək olar ki, qərargah otaqlarını xatırladır. Tikilinin divarlarının qalınlığı bir metrə çatır, otaqları oksigenlə təmin edən borular var.

Sakinlərin sözlərinə görə, Sovet İttifaqı İrandan gələ biləcək təhlükə əsası ilə Cəlilabadda güclü hərbi bazalar yaradıb. Lakin bu hərbi obyektin tikintisi yarımçıq saxlanılıb.

“70-ci illərdə xəbər yayıldı ki, bu obyektdə casus var. Mayor olan o şəxs buranın çertyojlarını götürüb Amerikaya ötürmüşdü. Artıq çertyojlar ötürüləndən sonra buranın tikintisi dayandı. Gördüyünüz kimi çox şeylər yarımçıq qaldı. Burada yer quyuları, tunellər qazılıb, amma tikinti getməyib. Məktəbli olan dövrümüzdə bizi ora aparırdılar və biz casusun oturacaq yerini axtarırdıq. Kəndin girəcəyində boru var idi, insan boyu hündürlüyündə, o boru su keçid borusu idi. Onun içindən biz onun çantasını tapdıq. Çanta tapılandan sonra bizə heçnə demədilər. Bir müddət sonra məlum oldu ki, çanta həmin o casusun imiş”.

Qeyd edək ki, dünyanın bir çox yerlərində vahiməli hərbi bazalar indi açıq səma altında muzey kimi qorunub saxlanılır.