Odlu-alovlu Cəlilabadda Novruz bayramı münasibətilə şənlik keçirilib. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Heydər Əliyev Seyrəngahında keçirilən bayram şənliyində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH başçısı aparatının əməkdaşları, Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumrayon şənliyində Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, həmçinin Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə tanış olublar.
Tədbirdə rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti nümayiş etdirilib.