Cəlilabad rayonunda 10 yaşayış evindən və məsciddən oğurluq edilib. Bu haqda bu gün, 15 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Rayonun Alar kəndində yerləşən yaşayış evlərinin birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.