SON XƏBƏRLƏR

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində TƏBİB-in “Laboratoriyaların standartlaşdırılması” layihəsi çərçivəsində 4-cü səviyyəli mərkəzləşdirilmiş regional tibbi laboratoriyalar yaradılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

Belə ki, regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində həm Cəlilabad rayonunun, həm də Cəlilabad-Salyan Tibbi Ərazi Bölməsinə (TƏB) daxil olan rayonların əhalisinə xidmət göstəriləcək.

Qeyd edək ki, TƏB-ə daxil olan Salyan, Neftçala və Biləsuvar rayonlarında yenidən təşkil olunan 3-cü səviyyəli laboratoriyalarda bütün rutin analizlər, regional laboratoriyada isə daha yüksək texnologiya tələb edən analizlər icra olunur. TƏB daxilində pasiyentlərin analiz üçün verdiyi qan və digər nümunələrin mərkəzləşmiş qaydada transportu standartlara uyğun təmin edilib. Beləliklə, pasiyentlər yaşadıqları rayondan kənara çıxmadan bütün növ analizləri verə, yerində və yaxud onlayn qaydada nəticələrini əldə edə biləcəklər.