SON XƏBƏRLƏR

Yaxın günlərdə Cəlilabad rayonunun Moranlı və Sərxanlı ümumi orta məktəbləri üçün quraşdırılan modul tipli bina müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində Space TV-yə istinadən verir.

Modul tipli yeni məktəblər Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamına əsasən tikilir.

Hazırda məktəb binasında daxili tamamlanma işləri aparılır. İş icraçısı Ceyhun Musayev bildirir ki, binanın istilik sistemi, elektrik və su xətləri çəkilib. Məktəbin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, yerə asfalt örtüyü döşənəcək. İşlərin fevral ayının sonuna kimi başa çatdırılması planlaşdırılır.

Lənkəran-Astara regional təhsil idarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalovun sözlərinə görə, Cəlilabad rayonunda, əsasən, 96, 80 və 56 yerlik olmaqla ümumilikdə 30 modul tipli məktəb binası tikilərək istifadəyə verilib. Hazırda 3 məktəbdə son tamamlama, 3 məktəbdə tikinti-quraşdırma işləri aparılır.

Cəlilabad rayonunda son 5 il ərzində Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə hər biri 624 yerlik olmaqla 4 məktəb binası tikilərək istifadəyə verilib. Fond tərəfindən bu istiqamətdə işlər davam etdirilməkdədir. Belə ki, yaxın gələcəkdə tikintisi nəzərdə tutulan 360 yerlik bir məktəbin layihələndirilməsi artıq başa çatdırılıb.