SON XƏBƏRLƏR

Cəlilabadda yol kənarında əkilən ağaclar naməlum şəxslər tərəfindən qırılıb. Bu haqda bu gün, 2 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Sözügedən məsələ rayonun Şiləvəngə kəndində, yol kənarında müşahidə edilib. Kəndin icra nümayəndəsi Simran Əlizadə bildirib ki, ötən ilin sentyabr ayından etibarən Cəlilabad-Yardımlı magistral yolunun Şiləvəngə kəndi ərazisindən keçən hissəsində, yolun sağ və sol istiqamətində 5 km-lik məsafədə Eldar şamı ağacları əkilib:

“Həmin ağaclardan müəyyən qədəri naməlum şəxslər tərəfindən qırılaraq məhv edilib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub”.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, həmin kəndin ərazisində yol kənarında əkilmiş ağacların 89 ədədinin naməlum şəxslər tərəfindən qırılması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin əməli törədən 2 şəxs müəyyən edilib:

“Faktla bağlı hazırda Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsində əmələ hüquqi qiymət veriləcək”.