Cəlilabadda dünyaya gələcək körpənin ana bətnində ölməsində həkimlər günahlandırılırlar. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, rayonun Qarğılı kənd sakini Əfqan Novruzov bildirib ki, 21 yaşlı hamilə qızı Elnarə Novruzlunun bətnində olan 9 aylıq körpə həkim səhlənkarlığı nəticəsində tələf olub.
Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu, həmin qadının ilk hamiləliyidir və o, ağrılardan şikayətlə müraciət edib:
“Biz dölü müayinə etdik və məlum oldu ki, dölün ürək döyüntüsü yoxdur. Biz müayinə zamanı aortanı izləyirik. Döl üçün ultrasəs müayinəsi lazım olduğundan onlara xəstəxanamızın ultrasəs həkimi məzuniyyətdə olduğuna görə bu müayinə üçün özəl xəstəxanaya müraciət etməyi təklif etdik. Özəl xəstəxanadan qayıtdıqdan sonra döl ölü vəziyyətdə bizə daxil oldu”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də açıqlama verilib:
“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına daxil olan Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü pasiyentdə dölün ana bətnində tələf olması halı xəstəxanaya gətirilməmişdən öncə baş verib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş pasiyentdə (hamilədə) ambulator və USM müayinəsi zamanı dölün tələf olduğu aşkarlanıb və o, təcili yardım vasitəsilə Lənkəran Regional Perinatal Mərkəzinə təxliyə olunub”.