SON XƏBƏRLƏR

Cəlilabadda üzərlərində külli miqdarda narkotik vasitə daşıyan 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Amid Əsgərov və Orxan Allahverdiyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Onlardan ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kq 885 qr marixuana, 1 kq 935 qr tiryək və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Elnur Məmmədov Cəlilabad rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onun əlindəki bağlamadan 1 kq 260 qr narkotik vasitə – marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.