Cəlilabadın üzüm bağlarında quru budama işləri yekunlaşmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində Azertac-a istinadən verir.
Belə ki, quru budama üzümçülükdə aparılan ən mühüm tədbirlərdən biridir. Çünki budama vasitəsilə gələcək məhsuldarlığın əsası qoyulur.
Üzümçü Mirhəbib Salmanlı bildirib ki, budama işi fevralın sonlarına qədər yekunlaşacaq. “Mütəxəssislərdən tövsiyə alır, sonra budayırıq. Məhsuldarlıq quru budamadan çox asılıdır. Bundan sonra yaşıl budamaya, yaşıl bağlamaya hazırlıq işləri görüləcək”, – deyə o qeyd edib.
Üzümçülük üzrə mütəxəssis, aqronom İmran Babayevin sözlərinə görə, qida ilə zəngin və rütubətlə yaxşı təmin olunan sahələrdə orta hesabla hər hektar üzümlükdə 220-250 min, başqa rayonlarda isə 160-200 min gözcük saxlanmalıdır. Bu miqdarda saxlanılan gözcüklər bar vaxtı çox yüksək və keyfiyyətli məhsulun alınmasını təmin edir.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayonun 1500 hektara yaxın üzüm bağlarında təxminən 20 növ becərilir. Bu bağların 15 faizini yerli sortlar, digər hissəsini isə xarici üzüm sortları təşkil edir. Ötən il bağlardan 15 min tona yaxın məhsul tədarük olunub. Bunun 7 min tonu texniki sortların, qalan hissəsi isə süfrə üzüm sortlarının payına düşür. Məhsulun 2 min tona yaxını isə Rusiya bazarlarına göndərilib.